Qurban bayramınız mübarək!

12-13 avqust tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Aqrar Tədarük və Təchizat ASC tərəfindən növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.

Bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil ediləcək. “Kənddən Şəhərə” satış yarmarkasına 20000-ə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır.

Siz bu bayram onlayn müraciət etməklə qurbanlıq qoyunları öncədən sifariş edə və növbəsiz şəkildə “Kənddən Şəhərə” yarmarkalarından əldə edə bilərsiniz.

Qurbanlıq qoyunları əldə etmək üçün qeyd etdiyiniz tarix və saat intervalında seçilmiş məntəqədə olmaq tələb olunur. Satış məntəqəsinə gəldiyiniz zaman səlahiyyətli şəxsə yaxınlaşmalı və SMS vasitəsilə əldə etdiyiniz kodu təqdim etməlisiniz.

12-13 avqust tarixində təşkil olunan yarmarkalarda qoyunlar çəkisindən asılı olaraq 160, 170, 180 AZN dəyərində təklif olunur.

Onlayn sifarişlər yalnız Bakı, Abşeron və Sumqayıt ərazilərindəki yarmarkalar üçün qəbul olunur. Sifarişlərin verilməsi üçün son tarix 11 avqust saat 23:59-dur.