28.09.2019-18.10.2019-cu il tarixlərində arı məhsullarının sərgisi və satışı yarmarkasının keçirilməsi ilə bağlı Şərtlər və qaydalar ilə diqqətlə tanış olun. Qaydalarla tanış olduqdan sonra qaydalara riayət edəcəyinizi təsdiq edin və iştirak üçün seçilib seçilmədyinizi öyrənin.

Qaydalar

  1. Yarmarkada iştirak etmək istəyən fermerlər sentyabrın 6-dan 11-nə kimi “bal.kendden.az” saytında online qeydiyyatdan keçməlidirlər. Online qeydiyyat zamanı fermer təsərrüfatına aid məlumatlar və şəxsiyyət vəsiqəsi tələb olunur;

  2. Bölgə üzrə orta məhsuldarlığı nəzərə alaraq, yarmarkada iştirak etmək üçün arıçıda minimum 20 arı ailəsi olması tələbi qoyulur;

  3. Hər rayondan arıçı sayı maksimum 40 nəfəri keçməməklə növbəlilik əsasında müəyyən ediləcəkdir;

  4. Qeydiyyat prosesindən sonra seçilmiş fermerlər anbara məhsullarını təqdim edərkən şəxsiyyət vəsiqəsi ilə birgə gəlməlidir;

  5. Yarmarkada iştirak üçün fermerlərdən yer haqqı və digər xidmətlərin (reklam, saxlanma,daşınma, ləvazimat və s.) həyata keçirilməsi üçün 150 manat (nəğd ödəniş etməklə),keyfiyyət yoxlamaları üçün hər yoxlamaya (hər partiya bal nümunəsinə görə, məsələn 1 qabdan götürülən hər nümunəyə görə) 5 AZN ödəniş tələb olunur;

  6. Məhsulların yarmarkanın anbarına qəbulu 13 sentyabr tarixindən 24 sentyabr tarixinə qədər hər gün olmaqla həyata keçiriləcəkdir. Bal məhsullarının keyfiyyət yoxlanılması Azərbaycan Qida Təhlükəsizliyi Institutu (AQTI) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə həyata keçiriləcəkdir. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq vətəndaşa bildiriləcəkdir. Yalnız nümunələri standartlara uyğun olan istehsalçıların məhsullarının satışına icazə veriləcəkdir, nümunələrin nəticələri müsbət olmayan bal məhsulları yarmarkanın son gününə qədər satışına icazə verilməyəcəkdir, Aqrar Tədarük və Təchizat ASC-nin Meyvəli bazarında yerləşən anbarında saxlanılacaqdır;

  7. İnhisarın qarşısının alınması üçün bir arıçı üçün sərgiyə gətiriləcək balın maksimum limiti hər arı ailəsinə görə 10 kq olmaqla, ümumilikdə yuxarı hədd 400 kg müəyyən edilmişdir;

  8. Fermerlər üzrə maksimum hər arı ailəsinə 1 ədəd çərçivə olmaqla, maksimum 30 ədəd çərçivə gətirilməsinə icazə verilir;

  9. Yarmarkaya yalnız bal və bal məhsulları buraxılacaqdır;

  10. Məhsullar anbara daxil olduqdan sonra oğurluğun və əlavə məhsul salınmasının qarşısının alınması üçün 24 saat ərzində nəzarət-mühafizə xidməti təşkil ediləcəkdir;

  11. Şəffaflığın təmin edilməsi məqsədilə yarmarkaya ümumi nəzarət Kənd Təsərüfatı Nazirliyinin, ATT ASC-nin, Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Institutunun və Azərbaycan Arıçılar Assosiasiyanın nümayəndələrinin birgə iştirakı ilə həyata keçiriləcək;

  12. Yarmarkaya nəzarət zamanı iştirakçılara davranışlarına və balın saxta çıxmasına görə adlarının qara siyahıya salınmasından qabaq sarı və qırmızı kart (xəbərdarlıq və sərgidən kənarlaşdırma) sistemi tətbiq ediləcək;

  13. Ötən il (2018-ci ildə) qayda pozuntularına görə “neqativ rəy toplayan” iştirakçıların bu il keçirilən (2019-cu ildə) yarmarkaya buraxılmayacaqdır;

  14. Saxta bal (şəkərdən bişirilmiş və arının ağzına dəyməmiş şirələr) aşkarlandığı halda dərhal aktlaşdırılması, məhsulun məhv edilməsi və saxta mal satanın məsuliyyətə cəlb olunması üçün aidiyyəti orqanlara (polis və sanitar epidemiologiya nəzarəti) təqdim olunur, eyni zamanda həmin iştirakçının növbəti ildə də yarmarkada iştirakına qadağa qoyulur, iştirakçı ikinci dəfə bu hərəkəti təkrar edərsə, birdəfəlik yarmarkada iştirak hüququndan məhrum edilə bilər;

  15. Yarmarkanın gedişatı zamanı alıcılar istədikləri vaxt əldə etdikləri məhsulları ödənişli əsaslarla AQTA labaratoriyalarında təkrar yoxlamaya təqdim edə bilərlər;

  16. Alıcı tərəfindən məhsulda hər hansı əsaslı şübhə yaranarsa (keyfiyyət, mənşə və s.), məhsul labaratoriyaya təkrar yoxlama üçün təqdim olunur və labaratoriyanın nəticəsinə əsasən problem barəsində qərar qəbul olunur;

  17. Sərgidə iştirak etmək üçün arıçıdan baytarlıq şəhadətnaməsi tələb olunmur;

  18. Bal və bal məhsullarını fermerlərdən təhvil götürüləndə fermerlər intizam qaydaları ilə razı olduqlarını öz imzaları ilə təsdiqləməlidir.

  19. Fermer yarmarkada şəxsən iştirak etməli, istisna hallarda sərgiyə gələ bilməyən arıçılar yalnız birinci dərəcəli ailə üzvlərinin nigah və ya doğum haqqında şəhadətnaməsini təqdim etməklə sərgidə onun balını satmaq üçün iştrak edə biləcəklər;

  20. Yarmarkaya gələ bilməyən fermer işçi komisyasının rəyi əsasında başqa şəxsə etibarnamə verə bilər, lakin həmin şəxsin adı qara siyahıda olmamalıdır və həmçinin 2 sarı vərəqə alan şəxs olmamalıdır;

  21. Sərgi iştirakçıları sərginin daxili qaydalarına əməl etməlidirlər. Bu qaydalar əlavə 1-də verilir. Qaydaları pozanlar müvafiq kartla (sarı və qırmızı) cəzalandırılır.

Əlavə 1.

Yarmarka daxili nizam-intizam qaydaları

  1. Etik-davranış qaydalarına əməl etmək lazımdır, qışqırmaq, hay-küy salmaq, kobud sözlərdən istifadə etmək olmaz;

  2. Yarmarkanın digər iştirakçılarını, təşkilati və nəzarət qurumlarının nümayəndələrini və alıcıları təhqir emək, onlarla kobud davranmaq, tələblərinə əməl etməmək, dalaşmaq, fiziki təzyiq göstərmək, qanunvericilikdə nəzərdə tutulmuş cinayət tərkibli digər hərəkətlərə yol vermək olmaz;

  3. Başqasının müştərisini cəlb etmək, səsləmək, malını pisləmək və s. yollarla maneçilik törətmək olmaz;

  4. Yarmarkada satıcıların içkili və psixatrop maddələrdən istifadə olunmuş vəziyyətdə iştirakı qadağandır;

  5. Yarmarka zalında siqaret çəkmək qadağandır, yalnız xüsusi ayrılmış yerdə, yaxud çöldə siqaret çəkməyə icazə verilir.

  6. Satış üçün müəyyən olunmuş stolun qarşı və yan tərəfinə bal bidonu və digər qab və əşyalar qoymaq olmaz. Bütün bunlar stolun altında, üstündə və arxasında olmalıdır.

  7. Satıcılar ATT tərəfindən təmin olunacaq yaşıl önlük, papaqda və əlcəkdə olmalıdır, o cümlədən digər gigiyenik qaydalara ciddi əməl etməlidirlər;

  8. Dada baxmaq üçün istifadə edilən birdəfəlik qaşıqları yuyaraq təkrar istifadə etmək qadağandır;

  9. Hər kəs öz stolunun ətrafını (ərazini – stolun qarşı, arxa, yan, yolun hərəkət hissəsi - qonşuları ilə bərabər bölməklə) təmiz saxlamağa borcludur. Natəmizliyə görə xəbərdarlıq veriləcəkdir.

  10. İnzibati qaydalar - Digər iştirakçılara və yarmarka ərzisindəki əmlaka qarşı münasibətdə oğurluq, ziyan vurma və qanunvericiliklə nəzərdə tutulmuş digər qayda pozuntularına görə məsuliyyət daşıyır;

  11. Müştəriləri, təşkilat və nəzarət qurumlarının nümayəndələrini aldatmaq olmaz (keyfiyyət, kəmiyyət, istehsal yeri, tərkibi, tarixi və maliyyə nöqteyi nəzərdən), məsələn bir rayonun iştirakçıları digər rayonun adından yalandan istifadə etməsi, balının digər rayonun ərazisinə məxsus olduğunu elan etməsi qəti qadağandır. Bu qaydalar pozularsa, sarı kart göstərilərək xəbərdarlıq ediləcək. Xəbərdarlıq 2 dəfə göstəriləcək. 3-cü dəfə qırmızı kart göstərilib sərgidən uzaqlaşdırılacaq və novbəti ilin sərgisinə də buraxılmayacaq. Xüsusi ağır xətalar törədən iştirakçı birbaşa qırmızı kart alıb sərgidən uzaqlaşdırılacaq və adı qara siyahıya salınaraq növbəti yarmarkaya buraxılmayacaqdır.