Şirkət haqqında

“Kənddən Şəhərə” Aqrar Tədarük və Təchizat ASC-nin kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi, eləcə də yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirdiyi layihədir. “Kənddən Şəhərə” Elektron Satış Platformasının məqsədi də müştərilərə daha üstün xidmət göstərmək, ərzaq mallarına olan tələblərini daha sürətli və rahat şəkildə qarşılamalarını təmin etməkdir. Onlayn sifariş və çatdırılma xidməti sayəsində evinizi və ya ofisinizi tərk etmədən təbii, sağlam yerli qida məhsullarını ala bilərsiniz.

Aqrar Tədarük və Təchizat ASC dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir. Cəmiyyətin əsas fəaliyyəti dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını təşkil etmək, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirmək, yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını, habelə yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin etmək, o cümlədən bütün növ satış obyektlərini təşkil və idarə etmək, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, təchizatı, ixracı üzrə maarifləndirmə, informasiya və məsləhət xidmətləri göstərmək, ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətləri göstərmək, həmçinin fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarına olan tələbatının təmin edilməsi ilə bağlı tapşırıqları icra etməkdən ibarətdir.